Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir.
Bu barədə Heftelik.az Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 23 – 27 sentyabr tarixlərində ixtisas seçimi aparılacaq.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
İxtisas seçimi 27 sentyabr saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
