Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşı qətlə yetirməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xudiyevə hökm oxunub.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilənlər – Seymur Məmişovun 13 il, Elxan Xuduyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Elxan Xuduyev və Seymur Məmişovun ayrı-ayrılıqda 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda istintaqla, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xudiyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq, öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında, ötən il martın 5-də S.Məmişov və E.Xuduyev Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.