Diplomatik xidmət əməkdaşlarının yaşayış səviyyəsinin işlədikləri ölkənin və şəhərin şəraitinə uyğun təmin edilməsi üçün xüsusi əmsallardan istifadə olunacaq. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Fərqləndirici əmsallar müəyyən edilərkən BMT sistemində çalışan əməkdaşlar üçün tətbiq edilən göstəricilər əsas götürülür. Bu məqsədlə BMT-nin Beynəlxalq Mülki Xidmət üzrə Komissiyasının əməkhaqqı şkalasında D1 səviyyəsinin 10-cu pilləsi üzrə əməkhaqqından istifadə edilir. Həmçinin BMT-nin ayrı-ayrı xidmət məntəqələri üzrə müəyyən etdiyi əmsallar nəzərə alınır. Xarici İşlər Nazirliyinin əsaslandırılmış və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi əsasında fərqli əmsallar da tətbiq edilə bilər. Bu zaman konkret dövlət və şəhərin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınır. Beləliklə, əməkdaşların xaricdəki yaşayış xərclərinin maliyyə təminatında beynəlxalq göstəricilərdən istifadə edilir.
