Ödəniş təşkilatı və elektron pul təşkilatı illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təşkilatlarda yoxlama aparan kənar auditor ödəniş xidmətlərinin göstərilməsi sahəsində aşkar etdiyi qanun pozuntuları və çatışmazlıqlar barədə Mərkəzi Banka məlumat verməlidir.
Bu məlumat yoxlamanın aparıldığı müddətdə Mərkəzi Banka yazılı şəkildə təqdim edilməlidir.
Beləliklə, auditorların yalnız maliyyə hesabatlarını yoxlaması deyil, ödəniş xidmətləri sahəsindəki pozuntuları da aidiyyəti quruma bildirməsi tələb olunur.
Qayda ödəniş təşkilatlarının fəaliyyətində şəffaflığın və maliyyə intizamının artırılmasına xidmət edir.