Diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsal xüsusi düstur əsasında müəyyənləşdirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Hesablama zamanı BMT sistemində D1 səviyyəsinin 10-cu pilləsinə uyğun xalis aylıq baza əməkhaqqı əsas göstəricilərdən biridir. Bu göstəricidən yaşayış sahəsi, tibbi sığorta, pensiya təminatı, uşaqların təhsili və avtomobil xərcləri çıxılır. Yaşayış sahəsi üzrə xərcin xüsusi çəkisi 25 faiz müəyyən edilib. Tibbi sığorta və pensiya təminatının hər biri üzrə bu göstərici 7,9 faiz təşkil edir. Uşaqların ümumtəhsil müəssisəsində təhsili üzrə göstərici 3,9 faiz, avtomobilin istismarı üzrə isə 6,3 faizdir. Hesablamada həmçinin diplomatik nümayəndəlik rəhbərinin xalis dövlət məvacibi və BMT-nin xidmət məntəqəsi əmsalı nəzərə alınır.
