Türk musiqisinin tanınmış gitaraçısı, bəstəkarı və aranjimançısı Cengiz Coşkuner reanimasiyaya yerləşdirilib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, 76 yaşlı sənətçi istirahət üçün getdiyi Muğlanın Datça rayonunda qəfil özünü pis hiss edib.
Nəfəs almaqda çətinlik çəkən Cengiz Coşkuner ilkin tibbi yardımdan sonra Datça Dövlət Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağırlaşması səbəbindən əvvəlcə Marmarisə, daha sonra isə Bodrumdakı özəl xəstəxanalardan birinə köçürülüb.
Reanimasiya şöbəsində müalicəsi davam etdirilən sənətçinin süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Qeyd edək ki, Cengiz Coşkuner uzun illər ərzində Orhan Gencebay, Zeki Müren, Bülent Ersoy, Selami Şahin, Coşkun Sabah və Neşe Karaböcek kimi məşhur sənətçilərlə çalışıb.
O, Cengiz Kurtoğlunun ifasında məşhurlaşan “Duvardaki Resim”, “Gelin” və “Unutulan” mahnılarının bəstəkarı kimi də tanınır. Coşkuner 1986-cı ildən etibarən çoxsaylı instrumental albomlar təqdim edib.
