Bu il ərzində dənizdə 23 nəfər, göllərdə 3, çaylarda 5, suvarma kanallarında 18, su anbarlarında isə 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Heftelik.az APA-ya istinadən  xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

O, Xəzər dənizi hövzəsində təhlükəli hesab edilən əraziləri də açıqlayıb.

“Bilgəh qəsəbəsində 12-ci dalan, Mərdəkan-Şüvəlan ərazisində Mil qaya, Novxanı qəsəbəsində Sarıqaya kifayət qədər təhlükəli ərazi kimi qiymətləndirilib. Burada sualtı axınlar normadan artıqdır, bəzi ərazilərdə qəfləti dərinliklər mövcuddur”, – FHN rəsmisi vurğulayıb.