“Pakistanın Lahor şəhərində Azərbaycan vətəndaşı olan qadının cinsi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatlar təbii ki, bizi də ciddi narahat etdi. Qadınlara qarşı zorakılığın bütün formalarını qətiyyətlə pisləyirik”.
Heftelik.az xəbər verir ki, bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
Məlumata görə, Dövlət Komitəsi məsələ ilə bağlı Azərbaycanın Pakistandakı səfirliyi ilə əlaqə saxlayıb.
“Aldığımız məlumata görə, hadisə ilə bağlı iki şəxs məhkəmə qərarı ilə həbs olunub, digər iki şəxsin axtarışı da, davam etdirilir. Araşdırma Pakistanın hüquq-mühafizə orqanları tərəfindən aparılır”.
Dövlət Komitəsindən qeyd olunub ki, hazırda əsas məsələ zərərçəkmiş şəxsin təhlükəsizliyinin, hüquqlarının və məxfiliyinin qorunması, ona lazımi dəstəyin göstərilməsidir.
“Hadisə ilə bağlı insan alveri və istismar ehtimalının olub-olmaması da aidiyyəti qurumlar tərəfindən araşdırılır və hadisəyə hüquqi qiymət veriləcək.
Eyni zamanda, media və sosial şəbəkə istifadəçilərini bu həssas məsələ ilə bağlı məlumat yayarkən zərərçəkmiş şəxsin kimliyinə, ləyaqətinə və təhlükəsizliyinə hörmət etməyə, araşdırmanın nəticələrini qabaqlayan məlumat və mülahizələrdən çəkinməyə çağırırıq”.
Qeyd edək ki, Azərbaycan vətəndaşı Diana Bağıyeva Pakistanın Lahor şəhərində qrup halında təcavüzə məruz qaldığını bildirib. Məlumatlarda onun zorakılıq və cinsi istismarla yanaşı, fahişəliyə məcbur edildiyi ilə bağlı iddialar da yer alır. Hazırda hadisə ilə bağlı Pakistan hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.
