Azərbaycan vətəndaşı Anar Y.-nin idarə etdiyi, 07-ZB-253 dövlət nömrə nişanlı ətir yüklü TIR Türkiyədə qəzaya uğrayıb.

Heftelik.az Lent.az-a istiandən xəbər verir ki, hadisə avtomagistralın Ankara istiqamətində, Gölyaka ərazisində baş verib. İlkin məlumata görə, sürücü idarəetməni itirib, nəticədə yük maşını ayırıcı zolağa çırpılaraq aşıb.

Qəza zamanı sürücü Anar Y. yüngül xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları ona yerində tibbi yardım göstəriblər.

Jandarma avtomobildən sızan maddənin təhlükəli ola biləcəyini nəzərə alaraq yanğınsöndürmə xidmətinə məlumat verib. Əraziyə gələn Düzce yanğınsöndürənləri xüsusi ölçü cihazları ilə yoxlama aparıblar. Araşdırma zamanı sızan maddənin zərərli olmadığı müəyyən edilib və təhlükəsizlik tədbirləri görülüb.

Qəza səbəbindən avtomagistralın hər iki istiqamətində bir hərəkət zolağı müvəqqəti bağlanıb. TIR kranın köməyi ilə ərazidən götürüldükdən sonra nəqliyyatın hərəkəti normallaşıb.