Ali hüquq təhsili olan və hüquqşünas ixtisası üzrə azı bir il iş stajına malik şəxslər müəyyən tələblərə cavab verdikdə vəkil ola bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Elmi və təhsil müəssisələrində hüquq sahəsində azı bir il fəaliyyət göstərən şəxslər də qanunda nəzərdə tutulan şərtlərlə vəkilliyə qəbul edilə bilərlər. Namizədlər Vəkillərin İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədilə yazılı test və müsahibədən ibarət ixtisas imtahanını uğurla keçməlidirlər. Bundan əlavə, müvafiq tədris-elm müəssisəsində icbari təlimin uğurla başa çatdırılması tələb olunur. Bu tələblərə cavab verən Azərbaycan vətəndaşları qanunda göstərilən digər məhdudiyyətlər olmadıqda vəkil ola bilərlər.