Diplomatik nümayəndəliklərin aldığı mallara və göstərilən xidmətlərə görə ödədiyi əlavə dəyər vergisinin geri alınması təmin ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb.
ƏDV-nin geri alınması diplomatik nümayəndəliklər tərəfindən müvafiq qaydada həyata keçirilir.
Bu barədə Xarici İşlər Nazirliyinə mütəmadi məlumat verilməlidir.
Geri alınan ƏDV-nin məbləği nümayəndəliyin saxlanılması xərcləri üzrə sonrakı maliyyələşmə zamanı nəzərə alınır.
Bununla yanaşı, diplomatik nümayəndəliklərin xərclər smetasının hazırlanması zamanı yerləşdikləri ölkənin iqtisadi göstəriciləri nəzərə alınmalıdır.
Qiymətlər, yaşayış minimumu, istehlak səbəti, minimum əməkhaqqı və adambaşına düşən ÜDM barədə məlumatlar yanvar və iyul aylarının 15-dək Xarici İşlər Nazirliyinə təqdim edilir.
Ölkədə malların və xidmətlərin qiymətləri il ərzində 10 faiz və daha çox artdıqda, təsdiqedici sənədlər əsasında xərclər smetasına yenidən baxıla bilər.