Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”i təsdiqləyib.

Heftelik.az xəbər verir ki, bu Tələblər dövlət ümumi təhsil müəssisələrində (məktəb) təhsilverənlər üçün geyim ilə bağlı vahid qaydaları müəyyən edir.

Bu Tələblər xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə şamil edilmir. Bu Tələblərin məqsədi təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın müəyyənləşdirilməsi, məktəbdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasıdır.  Təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, habelə məktəbi təmsil etdikləri məktəbdənkənar rəsmi və təntənəli tədbirlərdə bu Tələblərə riayət etməlidirlər.

Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. Təhsilverənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır.

Bu Tələblərə təhsilverənlər tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyi nəzarət edir.  Bu Tələblərə təhsilverənlər tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.

Təhsilverənlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda (fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır.

Təhsilverənlər üçün aşağıdakı geyimlər müəyyən edilir:

Kişi təhsilverənlər üçün:

– sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar);

– uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək;

– təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik üslubda sviter, pulover və ya jilet;

– klassik ayaqqabı.

Qadın təhsilverənlər üçün:

– sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya pencək və don);

– uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don;

– uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta;

– klassik ayaqqabı.

Geyimin ölçüsü və forması təhsilverənin əmək funksiyasının icrasına mane olmamalıdır.

Təhsilverənlərin əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu Tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən (geyim elementlərindən) istifadə etməsinə yol verilmir.