Bakı Ağır Cinayətlər Məhkəməsində Binə qəsəbəsində Səlim Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Maksim Əhmədova hökm oxunub.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Maksim Əhmədovun 16 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən Maksim Əhmədovun 18 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, gəzdirmə) cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən Səlim Əliyevin Binə qəsəbəsində ev alqı-satqısı ilə məşğul olduğu, təqsirləndirilən Maksim Əhmədovun isə manatlıq taksi sürücüsü işlədiyi bildirilir.