Hindistanda yeni ailə quran qadın toyundan cəmi iki gün sonra ərini və onun valideynlərini zəhərləməkdə şübhəli bilinərək saxlanılıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki,  hadisə Hindistanın Maharaştra ştatının Calqaon bölgəsində baş verib.

32 yaşlı Valmik Taraçand Patil Suman Subhaş Sahani adlı qadınla evlənib. Araşdırma zamanı məlum olub ki, gəlin başqa ştatdan kiminsə vasitəsilə gətirilib.

Bildirilir ki, nikahın təşkil olunması üçün təxminən 2600 dollar ödənilib. Hazırda polis vasitəçinin kimliyini və maliyyə əməliyyatının təfərrüatlarını araşdırır.

İstintaqın versiyasına əsasən, Suman və onunla birlikdə saxlanılan Aarti Suryaprakaş Patel adlı digər qadın yeməyə siçovul zəhəri qatıblar.

Nəticədə bəy Valmik, onun atası və anası zəhərləniblər. Hadisədən sonra qadınlar pulları götürərək qaçıblar.

Ağır zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılan üç nəfər Calqaon rayon xəstəxanasına yerləşdirilib.

Polis əməkdaşları hər iki qadını hadisə baş verən gün qonşu kənddə saxlayıb.

Hazırda hüquq-mühafizə orqanları qadınların gəlişini təşkil edən vasitəçinin axtarışlarını davam etdirirlər.

Faktla bağlı araşdırma davam edir.