“Vahid geyim qaydaları məktəbdə nizam-intizamın qorunmasına, şagirdlərdə məsuliyyət və özünənəzarət vərdişlərinin inkişafına kömək edir”.
Heftelik.az xəbər verir ki, bunu Lent.az-a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova bildirib.
O qeyd edib ki, məktəb insanın yalnız bilik əldə etdiyi deyil, eyni zamanda şəxsiyyət kimi formalaşdığı mühüm tərbiyə məkanıdır:
“Məktəbdə şagirdlərə öyrədilən qaydalar, aşılanan dəyərlər onların gələcək həyatında, cəmiyyətlə münasibətlərində mühüm rol oynayır. Məktəbli forması ilə bağlı tələblər də bu baxımdan yalnız zahiri görünüşə aid məsələ deyil, ümumi təhsil və tərbiyə prosesinin bir hissəsidir.
Vahid geyim qaydaları məktəbdə nizam-intizamın qorunmasına, şagirdlərdə məsuliyyət və özünənəzarət vərdişlərinin inkişafına kömək edir. Hər bir şagirdin müəyyən olunmuş qaydalara əməl etməsi ümumi intizamın ayrı-ayrı fərdlərin davranışından başladığını göstərir. Eyni zamanda, məktəbli forması şagirdlər arasında geyim və maddi imkanlarla bağlı fərqlərin qabardılmasını məhdudlaşdıraraq daha sağlam və bərabər təhsil mühitinin yaranmasına töhfə verir.
Mən hesab edirəm ki, qaydalara əməl etməyi uşaqlara yalnız tələb və qadağalar vasitəsilə öyrətməkdənsə, onlara bu qaydaların nə üçün vacib olduğunu izah etmək, mahiyyətini anlatmaq lazımdır. Şagird məktəbli formasını məcburiyyət kimi deyil, təhsil aldığı müəssisəyə, müəllimlərinə və məktəb kollektivinə hörmətin ifadələrindən biri kimi qəbul etdikdə, bu tələb daha mənalı xarakter alır.
Tərbiyə və mədəniyyət, ilk növbədə, insanın davranışında və münasibətlərində təzahür edir. Məktəbli formasına riayət etmək də bu davranış mədəniyyətinin tərkib hissəsi sayıla bilər. Ən vacibi isə odur ki, məktəb uşaqlara yalnız qaydalara əməl etməyi deyil, həmin qaydaların arxasında dayanan dəyərləri — bərabərliyi, məsuliyyəti, qarşılıqlı hörməti və intizamı anlamağı öyrətsin”.
