Hollivud ulduzu Silvestr Stallone qızı Sofiyanın toyuna çəkiləcək xərclərə görə təqaüdə çıxa bilmir.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu etirafı aktyor “Live with Kelly and Mark” proqramının efirində səsləndirib.

Belə ki, aparıcı aktyorun qızının gələcək toyuna nə qədər məbləğ ayırmağa hazır olduğunu soruşub.

“Bu barədə danışmağa xəcalət çəkirəm, amma təqaüdə çıxa bilmirəm. Sadəcə bacarmıram”, – Stallone deyib.

Onun bu sözləri studiyada gülüşə səbəb olsa da, aktyor zarafat etmədiyini vurğulayıb: “Mən ciddi deyirəm!”

Stallone həmçinin gələcək kürəkəni Maykl Şihenin Sofiyaya evlilik təklif etmək üçün icazə almasını zarafatla “cəsarətli addım” adlandırıb: “O, qızıma evlilik təklif etmək üçün məndən icazə alanda düşündüm: Yaxşı, uğurlar sənə, dostum!”

Qeyd edək ki, 30 yaşlı Sofiya Silvestr Stallonenin keçmiş model Cennifer Flavin ilə nikahından olan üç qızından biridir. 1997-ci ildən evli olan cütlüyün həmçinin 28 yaşlı Sistin və 24 yaşlı Skarlet adlı qızları var. Bundan əlavə, Stallonenin aktrisa Saşa Zakla ilk evliliyindən iki oğlu olub. Onun Seyv adlı oğlu 2012-ci ildə 36 yaşında vəfat edib, 47 yaşlı Sercioda isə uşaq yaşlarında autizm sindromu aşkar edilib.

Sofiya sevgilisi Şihenlə nişanlandığını bu il avqustun 28-də elan edib.