Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb.
19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edərək işi məhkəməyə göndərmişdi. Həmin maddə 9 ildən 14 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Prokuror da yekun çıxışında Ayxanın 10 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.
Lakin hakim Eldar İsmayılovun sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə düzgün ittiham verilməyib. Hökmə əsasən, Ayxanın əməli CM-in 123.1-ci (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif edilib, ona 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Hökm apellyasiya instansiyasında qüvvədə qalarsa, Ayxan 8 aydan sonra azadlığa çıxacaq.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında Abşeron rayonunun Ramana qəsəbəsində, Gülçülük sovxozu adlanan ərazidə baş verib. Qətlə yetirilən şəxs kombi ustası olub.
