“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Heftelik.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Müəyyən edilib ki:

  • publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə keçir;
  • TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşır;
  • TƏBİB “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirəcək;
  •  TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

TƏBİB-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

– TƏBİB-in nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

– TƏBİB-in idarəetmə orqanlarının yaradılması;

– TƏBİB-in yenidən təşkili və ləğvi;

– “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

Nazirliyə:

– Yuxarıda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Nazirlər Kabineti aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

– normativ hüquqi aktların təkmilləşdirilməsi;

– Nazirliyin təklifləri əsasında TƏBİB-in nizamnaməsinin layihəsi, o cümlədən nizamnamə fondunun miqdarı;

Nazirlik:

– Müşahidə Şurasının səlahiyyətlərini yerinə yetirəcək komissiyanın yaradılmasını təmin etmək;

– TƏBİB-in dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq tədbirlər görmək;

– TƏBİB dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində publik hüquqi şəxsin əmlakının aidiyyəti üzrə TƏBİB-in balansına verilməsi üçün müvafiq tədbirlər görmək.