“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə yaşadığı münaqişənin indiyədək bilinməyən detallarını açıqlayıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis “The Athletic”ə müsahibəsində Ronaldonun məşqlərdəki davranışından və komandaya münasibətindən narazı qaldığını bildirib.

Ten Haqın sözlərinə görə, o, 2022-ci ildə İngiltərə klubunun baş məşqçisi təyin olunmazdan əvvəl Ronaldo ilə görüşmək üçün xüsusi olaraq Portuqaliyaya gedib. Lakin sonradan hadisələr gözlədiyi kimi inkişaf etməyib.

“Ronaldo həm komandanı, həm də məni məyus etdi. Çünki onunla bağlı planlarımız var idi. O, futbol tarixinin ən yaxşı oyunçularından biridir və mən ona böyük hörmət bəsləyirdim. Amma məşqçi kimi rasional qərar verməli idim”, – deyə Ten Haq bildirib.

Sabiq baş məşqçi sensasion iddia da səsləndirib. Onun sözlərinə görə, “Mançester Yunayted”in “Brentford”a 0:4 hesabı ilə məğlubiyyətindən sonra futbolçulara əlavə qaçış tapşırığı verilib. Ronaldo isə tələb olunan üç dövrədən yalnız ikisini tamamlayıb.

Ten Haq həmçinin portuqaliyalı hücumçunun məşqlərə lazımi səviyyədə hazırlaşmadığını, bəzi tapşırıqları yerinə yetirmədiyini və komanda yoldaşlarına məşq zamanı güclərini qorumağı tövsiyə etdiyini iddia edib.

Xatırladaq ki, Ronaldo ilə Ten Haq arasında münasibətlər 2022-ci ildə kəskinləşib. Portuqaliyalı futbolçu “Tottenhem”lə matçda meydana çıxmaqdan imtina edib, daha sonra klub rəhbərliyini və baş məşqçini açıq şəkildə tənqid edib. Nəticədə həmin ilin noyabrında onun “Mançester Yunayted”lə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Maraqlıdır ki, Ten Haqın bu açıqlamaları Ronaldonun Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla münaqişəyə görə 30 günlük diskvalifikasiya olunduğu dövrə təsadüf edib.

Beləliklə, 41 yaşlı futbolçunun ətrafında yeni müzakirələr başlayıb. Ronaldonun nümayəndələrinin Ten Haqın son ittihamlarına münasibəti isə hələ açıqlanmayıb.