Kifayət qədər vəsaiti olmayan şəxslərə qanunla müəyyən edilmiş hallarda vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu qayda inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məişət zorakılığından zərər çəkmiş şəxslərə də şamil edilir.
Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkilin göstərdiyi hüquqi yardım da müəyyən hallarda dövlət büdcəsi hesabına ödənilir.
Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olmuş və cinayət prosesində öz hüquqlarını müstəqil həyata keçirən uşaqlara göstərilən pulsuz hüquqi yardım da dövlət hesabına maliyyələşdirilir.
Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.