Azərbaycana din, elm, kitab satışı və digər fəaliyyətlər adı altında gələn bəzi şəxslər əslində antidövlət fəaliyyəti ilə məşğul olur, qruplar yaradır və dövlət əleyhinə cinayətlər hazırlayırlar, miqrasiya qanunvericiliyində ciddi dəyişikliklərə ehtiyac var.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, miqrasiya sahəsində aparılan islahatlar və yeniliklər dünya standartlarına uyğunlaşdırılır: “Bununla yanaşı, miqrasiyanın hazırda dünyada ən təhlükəli sahələrdən birinə çevrildiyini diqqətdən qaçırmaq olmaz. Bəzi şəxslər müxtəlif adlar və pərdələr altında digər ölkələrə casusluq fəaliyyəti ilə məşğul olmaq üçün göndərilir. Azərbaycana din, elm, kitab satışı və digər fəaliyyətlər adı altında gələn bəzi şəxslər əslində antidövlət fəaliyyəti ilə məşğul olur, qruplar yaradır və dövlət əleyhinə cinayətlər hazırlayırlar. Miqrasiya qanunvericiliyində müxtəlif kateqoriyalar üzrə tələblər, əcnəbilərin yoxlanılması və ölkədə qalma prosedurları daha da sərtləşdirilməlidir”.
Siyavuş Novruzov investisiya və rezidentlik imkanlarından sui-istifadə risklərinə də diqqət çəkərək bildirib ki, böyük dövlətlər üçün bu mexanizmlər vasitəsilə öz maraqlarına xidmət edən şəxsləri Azərbaycanda yerləşdirmək çətin deyil: “Ölkəyə həqiqi mütəxəssislərin gəlməsi və yerli kadrların yetişdirilməsi vacibdir, lakin mütəxəssis adı altında başqa məqsədlərlə fəaliyyət göstərən şəxslərə ehtiyac yoxdur”.
