Hərbi qulluqçuların söz və mətbuat azadlığı, eləcə də öz əqidələrini sərbəst ifadə etmək hüquqları təmin olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, hərbi qulluqçular xidmət fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının tələblərini rəhbər tutmalıdırlar. Onlar siyasi məqsədlər güdən siyasi partiyaların və kütləvi ictimai hərəkatların üzvü ola bilməzlər. Bununla yanaşı, hərbi qulluqçuların söz və mətbuat azadlığı dövlət sirrinin açıqlanmaması şərti ilə təmin edilir. Onların əqidə azadlığına və öz fikirlərini sərbəst ifadə etmək hüququna qanunvericiliklə təminat verilir.