Yazıçı-jurnalist Mirmehdi Ağaoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana – Qarabağa bu günkü səfərindən yazıb, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığına dair xüsusi maraq doğuracaq bir məqama da diqqət çəkib.Heftelik.az Mirmehdi Ağaoğlunun paylaşımını təqdim edir:
“Ərdoğanın Zəfər Günündə Şuşaya – Qarabağa gəlməyi yaxşı oldu. Mən şəxsən çox sevindim. İki qardaş ölkə arasında suyu bulandıranlara dərs oldu!
Türkiyə ilə bizim qardaşlığımız əvvəlindən möhkəm təməllər üzərində qurulduğu kimi bundan sonra da möhkəm olacaq. Bu qardaşlığı heç kəs məhv edə bilməz. Bizim qəlbimiz hər zaman Türkiyə ilə döyünüb: istər Türkiyə futbolçuları yaşıl meydanlarda yarışanda, istərsə də türk əsgəri savaşda vuruşanda.
Çanaqqalada türklərlə çiyin-çiyinə nə qədər azərbaycanlı şəhid olub. Göyçayda, Neftçalada, Şamaxıda, Salyanda, Bakıda neçə-neçə naməlum türk məzarlıqları var. Onlar bizi daşnakların, ingilis-bolşeviklərin əlindən xilas etməyə gəlmiş qardaşların qəbirləridir. 1918-də Nuru Paşanın ordusu olmasaydı, kim bilir, bəlkə də daşnakların Bakıda, Şamaxıda, Salyanda, Qarabağda törətdiyi soyqırımların nəticəsində torpaqlarımızda azərbaycanlı qalmayacaqdı.
Birinci Dünya müharibəsində Çar Rusiyasının əsir etdiyi Osmanlı əsgərlərin – türklərin bir hissəsi Nargin adasında saxlanılırmış. Bakının imkanlı adamları da hər cümə adaya gəmi ilə yardım aparır, qayıdanda rus gözətçilərə pul verib özləri ilə beş-on türk əsir gətirirmişlər. Bu minvalla bir müddət sonra Bakıda türk əsir əlindən tərpənmək olmur. Təbii ki, aclıq çəkən əsirlərin bəziləri yemək tapmaq üçün mağazalara girir, oğurluq edirmişlər. Rəvayətə görə, belə olan halda Bakı müftisi fətva verir: Türk əsirlər istədikləri mağazaya girib istədiyini götürə bilər, onlara halaldır, onlardan pul almaq isə haramdır. İndi fətvanın mətni tam yadımda olmasa da məğzi elə bu cürdür.
İnanmıram ki, dünyanın başqa bir yerində (söhbət İslam aləmindən gedir) “haramı halal edən” belə bir fətva verilmiş olsun. Bunu azərbaycanlılar öz türk qardaşları üçün edib. Bu nümunə özü bizim qardaşlığımızın, birliyimizin dərinliyini göstərən möhtəşəm nümunədir.
Bu gün isə o birliyi, qardaşlığı bir daha gördük.
Türkiyəli qardaşlarımız demiş: YAŞASIN!”.
