Türkiyənin Elazığ vilayətində 16 yaşlı yeniyetmə anasını döyən atasını bıçaqlayaraq öldürüb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Abdullah Paşa məhəlləsində qeydə alınıb.

Məlumata görə, 39 yaşlı Y.B. evdə həyat yoldaşı ilə mübahisə edərək ona fiziki zorakılıq tətbiq edib.

Anasının döyüldüyünü görən 16 yaşlı oğlu U.E.B. hadisəyə müdaxilə edib. Bu zaman ata ilə oğul arasında dava düşüb. Dava zamanı yeniyetmə atasına bıçaqla xəsarət yetirib.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları çağırılıb. Ağır yaralanan kişi Fırat Universitetinin xəstəxanasına çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını itirib.

16 yaşlı yeniyetmə polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.