
Hərbi qulluqçuların həyat yoldaşları üçün təhsil almaq və əmək fəaliyyətini davam etdirmək imkanları ilə bağlı təminatlar nəzərdə tutulub. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Hərbi qulluqçuların ailə üzvləri istehsalatdan ayrılmaqla hazırlıq və əlavə təhsil müəssisələrinə ilk növbədə göndərilə bilərlər. Belə hallarda onlara hazırlanacaqları vəzifəyə uyğun orta aylıq əməkhaqqı ödənilməsi nəzərdə tutulur. Ali və orta ixtisas təhsili almış həyat yoldaşlarının hərbi qulluqçunun xidmət yerinə göndərilməsi, bu mümkün olmadıqda isə müstəqil işə düzəlməsi üçün imkan yaradılır. İxtisaslarına uyğun iş tapılmadığı yerlərdə həyat yoldaşı ilə birlikdə yaşadıqları müddət sığorta stajına daxil edilir.
