
Qanunvericilik müəyyən kateqoriyadan olan şəxslərin polis xidmətinə qəbul edilməsini qadağan edir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. İkili vətəndaşlığı olan və ya digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, eləcə də din xadimləri polis xidmətinə qəbul edilə bilməzlər. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti müəyyən edilmiş şəxslər üçün də bu məhdudiyyət nəzərdə tutulub. Cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş və ya barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər də xidmətə qəbul edilə bilməzlər. Əvvəllər ciddi nöqsanlara, xidmətlə bir araya sığmayan fəaliyyətə və ya polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə görə hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslərə də məhdudiyyət tətbiq olunur.
