
Borclunun aktivlərinin ümumi dəyərinin 5 faizi və daha çox hissəsini təşkil edən əmlakın satılması xüsusi qaydada həyata keçirilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Belə aktivlər əmlak inzibatçısının hazırladığı və kreditorların yığıncağında təsdiqlənən satış planına uyğun olaraq açıq hərrac yolu ilə satılır. Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar olduqda həmin aktivlərin digər üsullarla satılması da mümkündür. Dəyəri borclunun aktivlərinin 5 faizi və daha çox olan əmlakın satış planına daxil edilmədən satılmasına yol verilmir. Aktivlərin 5 faizindən az hissəsini təşkil edən əmlak isə qanunun tələbləri nəzərə alınmaqla kreditorlar yığıncağının razılığı olmadan satıla və ya satış planına daxil edilməsi təklif oluna bilər.
