Çində dövlət sirlərini xarici ölkənin xüsusi xidmət orqanlarına ötürməkdə təqsirləndirilən mərkəzi aparatın əməkdaşı ölüm cəzasına məhkum edilib.

Heftelik.az-ın xəbərinə görə,  yalnız Ma soyadı ilə tanıdılan məmur xaricdə xidməti ezamiyyətdə olarkən xarici kəşfiyyat orqanı tərəfindən əməkdaşlığa cəlb edilib.

O, Çinə qayıtdıqdan sonra xarici kuratorunun tapşırığı ilə 100-dən çox kəşfiyyat hesabatı ötürüb. Onlardan 35-i sonradan dövlət sirri kimi təsnif edilib.

Məmurun bu fəaliyyətinə görə 1 milyon yuandan (təxminən 150 min dollar) çox pul aldığı bildirilir.

Çinin dövlət mediasında yayılan məlumata əsasən, məhkəmə Ma barəsində ölüm hökmü çıxarıb və onun bütün şəxsi əmlakının müsadirə olunmasına qərar verib.

Bununla belə, məmurun hansı dövlət qurumunda çalışdığı, hansı ölkənin kəşfiyyat orqanı ilə əməkdaşlıq etdiyi, nə vaxt həbs olunduğu və hökmün icra edilib-edilmədiyi açıqlanmayıb.