
Malların, işlərin və xidmətlərin təhlükəsiz istifadəsi, daşınması və saxlanılması üçün xüsusi qaydalara əməl olunması tələb edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Belə hallarda istehsalçı və ya icraçı müvafiq qaydaları müəyyənləşdirməlidir. Satıcı və ya icraçı isə həmin qaydaları istehlakçının nəzərinə çatdırmalıdır. Vətəndaşların həyatı, sağlamlığı və əmlakının, eləcə də ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələbləri müəyyən edilmiş mallar məcburi sertifikasiyadan keçirilməlidir. Bu tələblərə uyğunluğu təsdiq edən sertifikat olmadıqda, həmin malların, o cümlədən xarici məhsulların Azərbaycanda satılması və istifadəsi qadağandır. Belə məhsulların ölkəyə idxalına razılıq verilməsi üçün müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı gömrük orqanlarına təqdim edilməlidir.
