Malların və xidmətlərin təhlükəsizliyi, eləcə də zəmanət müddətinin hüquqi mahiyyəti qanunvericilikdə müəyyən edilib. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, malın, işin və xidmətin təhlükəsizliyi onlardan adi şəraitdə istifadə zamanı istehlakçının həyatına, sağlamlığına və əmlakına zərər vurulmasının istisna edilməsini nəzərdə tutur. Bu tələb malların saxlanmasına, daşınmasına və işlədilməsinə, həmçinin işlərin görülməsi və xidmətlərin göstərilməsi prosesinə də şamil olunur. Ətraf mühitə zərər vurulmasının istisna edilməsi də təhlükəsizlik anlayışına daxildir. Zəmanət müddəti müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. Beləliklə, təhlükəsizlik və zəmanət anlayışları istehlakçıların hüquqlarının müdafiəsi baxımından əsas meyarlar kimi müəyyənləşdirilib.