İstehlakçı malın, işin və ya xidmətin nəticəsinin istifadəsi, daşınması və saxlanılması qaydalarına düzgün əməl etdiyi halda belə, həmin məhsul onun həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vura bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Belə vəziyyətdə istehsalçı, icraçı və ya satıcı zərər vura bilən səbəblər aradan qaldırılanadək məhsulun istehsalını və satışını dayandırmalıdır. Zəruri hallarda həmin malların dövriyyədən çıxarılması və istehlakçılardan geri qaytarılması üçün tədbirlər görülməlidir. Zərərin yaranma səbəblərini aradan qaldırmaq mümkün olmadıqda, istehsalçı və ya icraçı belə malları istehsaldan çıxarmalı, dövriyyədən yığmalı və istehlakçılardan geri almalıdır. Bu vəzifələr yerinə yetirilmədikdə, müvafiq dövlət nəzarəti orqanları məhsulların istehsaldan çıxarılması, dövriyyədən yığılması və geri alınması barədə qərar qəbul edə bilərlər. Təhlükəli olduğu üçün qidalanma üçün yararsız sayılan qida məhsulları isə məhv edilməli və ya utilizasiya olunmalıdır.