Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, digər hərbi qulluqçular mənzil əldə etmək və fərdi yaşayış evi tikmək üçün güzəştli imkanlardan yararlana bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, hərbi qulluqçular xidmət müddətindən asılı olmayaraq mənzil-tikinti və ya mənzil kooperativlərinə daxil ola, fərdi yaşayış evi ala və ya tikə bilərlər. Başqa daimi mənzili olmayan və bu hüquqdan istifadə edən müəyyən kateqoriyadan olan hərbi qulluqçulara maliyyə yardımı göstərilməsi də nəzərdə tutulur. Fasiləsiz 15 təqvim ili və daha çox qüsursuz xidmət etmiş şəxslərə müvafiq xərclərin 50 faizi, 20 il və daha çox xidmət edənlərə isə 100 faizi həcmində əvəzsiz maliyyə yardımı verilə bilər. Yardımın tətbiqi qanunda göstərilən şərtlər və müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir.