
Borclunun müflis elan edilməsi ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən və ya kreditorların ilkin yığıncağında müvafiq qərar qəbul edildikdən sonra iflasın nəticələri yaranır. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Həmin andan etibarən borcludan alınmalı məbləğlərin tutulması ilə bağlı bütün məhkəmə araşdırmalarına və digər hərəkətlərə son qoyulur. Borcluya qarşı tələblər yalnız qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Qanunvericiliyə zidd olmayan hallarda müflis elan edilməzdən əvvəl borclunun əmlakına dair çıxarılmış məhkəmə qərarlarının icrası da dayandırılır. Bununla yanaşı, borclu müəssisənin müdiri əmlak inzibatçısının ona verdiyi səlahiyyətlər istisna olmaqla, digər səlahiyyətlərini, müəssisə isə əmlakı barədə sərəncam vermək hüququnu itirir.
