
İkili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər vəkil ola bilməzlər. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin də vəkillik fəaliyyəti ilə məşğul olmasına yol verilmir. Qanunla müəyyən edilmiş tibbi rəyə əsasən əqli pozuntularına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan şəxslər də vəkil ola bilməzlər. Qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər üçün də belə məhdudiyyət mövcuddur. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər də vəkilliyə qəbul edilə bilməzlər.
