Bütün vətəndaşlar ticarət və digər xidmət sahələrində öz tələbatlarının ödənilməsi zamanı bərabər hüquqlara malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, onların birbaşa və ya dolayı yolla məhdudlaşdırılmasına yol verilmir. Bununla yanaşı, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər. İstehlakçı satıcının və ya icraçının iş rejimini nəzərə almaqla, özü üçün əlverişli vaxtda sərbəst şəkildə mal və xidmət seçmək hüququna malikdir. Satıcı və ya icraçı istehlakçıya mal və xidmət seçimində hər cür köməklik göstərməlidir. İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan mal almağa, yaxud xidmət göstərilməsinə məcbur etmək qadağandır.