Ərzaq böhranı və fövqəladə hadisələr zamanı əhalinin qida məhsulları ilə təminatının tənzimlənməsi dövlətin vəzifələrindən biridir. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Belə hallarda dövlət normativ ərzaq bölgüsünü və digər xüsusi təminat rejimlərini müəyyən edə bilər. Qanuna əsasən, dövlət qida məhsullarının istehsalını, istehlakını və dövriyyəsini əks etdirən ərzaq balansı hazırlamalı, əhalinin qida məhsulları ilə təminatını proqnozlaşdırmalıdır. Ərzaq bazarının tənzimlənməsi və qida məhsullarının minimum keyfiyyətinin, təhlükəsizliyinin təmin edilməsi üçün normativ hüquqi aktlar qəbul olunmalıdır. Bu sahədə dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti də əlaqələndirilməlidir. Dövlət, həmçinin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri həyata keçirməlidir.

