Satıcı və ya icraçı istehlakçıya müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və aydın məlumat təqdim etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. İstehlakçı aldığı malın keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq hüququna malikdir. O, həmçinin malların düzgün və təhlükəsiz istifadəsinin nümayiş etdirilməsini tələb edə bilər. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını və malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət müddətində malın keyfiyyətini itirməsinin səbəblərinin müəyyənləşdirilməsi zərurəti yarandıqda, satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra üç gün ərzində həmin malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır.