Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar şəhər 4 saylı tam orta məktəbində 02 iyun 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilib.

Heftelik.az-ın məlumatına görə, maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Qəhrəmanova, Ucar Rayon Polis Şöbəsinin əməliyyat işi üzrə müavini E.Məmmədov, Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis şöbəsinin əməkdaşları və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar şəhər 4 saylı tam orta məktəbdə “Narkotiklərə və narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm” və “Uşaqların təhsildən yayınmasının qarşısının alınması və hüquqlarının qorunması” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçılarını maarifləndiriblər.

Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahələrdə imzalanmış qanunlar barədə, eləcə də respublikamızda bu sahədə görülmüş işlər və tədbirlər haqqında iştirakçılar məlumatlandırılıb, müəllim və şagirdlərlə diskussiyalar aparılıb. Tədbirin sonunda mövzulara uyğun videoçarx nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb.