2022-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarəolunmasından əldə edilən gəlirlər ilkin olaraq 1,7% və ya 1 216,8 mln. manat proqnozlaşdırılmış, lakin sonradan dürüstləşmiş büdcədə gözlənilən gəlirlilik 0% olaraq müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
12 aylıq icra göstəricilərinə əsasən ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 2 461,3 mln. ABŞ dolları (və ya -5.2%) azalma müşahidə olunub.
2022-ci il üzrə ARDNF-in investisiya portfelinin aktivlər üzrə gəlirliliyi aşağıdakı cədvəldə verilib:
Cədvəl 7. 2022-ci il üzrə ARDNF-in investisiya portfelinin aktivlər üzrə gəlirliliyi.
| Maliyyə aktivi / Alt-portfel* | Fərdi gəlirlilik | Portfeldə çəkisi* | Ümumi gəlirlilikdə payı |
| Borc öhdəlikləri və pul bazarları | -3,8% | 61,9% | -2,4% |
| Səhmlər | -16,7% | 19,7% | -3,3% |
| Daşınmaz əmlak | 9,2% | 6,3% | 0,5% |
| Qızıl** | – | 12,1% | – |
| Toplam | -5,2% | -5,2% |
*Gəlirliliyin hesablanması məqsədi ilə hər bir maliyyə aktivi ona aid bank hesabları ilə birgə götürülmüşdür.
**Qızıl alt-portfelinin gəlirliliyi yalnız “məzənnə dəyişikliyindən yaranan fərq” komponentinin tərkibi kimi hesablanır. Məlum olduğu kimi, ARDNF-nin qızıl yatırımları strateji məqsədlər istiqamətində həyata keçirilmiş və qızıl külçələr şəklində əldə edilən bu ehtiyatlar hal-hazırda ARDNF-nin xüsusi saxlancında saxlanılmaqdadır.
Aşağıdakı cədvəldən də göründüyü kimi Fondun vəsaitlərinin idarəedilməsindən əksər aylar üzrə zərər edilmişdir.
Cədvəl 8. Fondun aylar üzrə vəsaitlərinin idarəedilməsindən əldə etdiyi gəlir/zərəri barədə məlumat,
mln. ABŞ dolları ilə
| Aylar | İdarəetmə gəlir/zərər | Səhm alt portfeli | Borc öhdəlikləri və pul bazarları altportfeli | Daşınmaz əmlak |
| Yanvar | -420,26 | -318,93 | -136,38 | 35,05 |
| Fevral | -374,40 | -273,49 | -123,48 | 22,57 |
| Mart | -182,29 | 159,11 | -389,32 | 47,91 |
| Aprel | -460,34 | -330,15 | -185,92 | 55,66 |
| May | 40,25 | 17,06 | -20,77 | 44,03 |
| İyun | -623,45 | -465,70 | -166,28 | 8,97 |
| İyul | 777,30 | 469,15 | 295,39 | 14,74 |
| Avqust | -492,73 | -263,55 | -245,81 | 24,12 |
| Sentyabr | -923,52 | -568,27 | -385,12 | 19,92 |
| Oktyabr | 511,71 | 468,71 | 46,08 | -3,08 |
| Noyabr | 697,05 | 411,30 | 293,93 | -8,15 |
| Dekabr | -1010,62 | -913,40 | -89,33 | -7,87 |
| Cəmi: | -2461,29 | -1608,15 | -1107,00 | 253,86 |
Portfelin böyük hissəsinin sabit gəlirli aktivlərə yatırım edilməsinə baxmayaraq diversifikasiyanın təmin olunması ilə bağlı səhm, özəl səhm, daşınmaz əmlak və qızıl kimi aktivlərə yatırım edilməsi, eləcə də qeyd olunan aktivlər daxilində sektor, region, müxtəlif investisiya növləri və valyutaları üzrə bölünməsi gəlirlilik üzrə təsdiq edilmiş proqnozlaşdırmalarda əhəmiyyətli kənarlaşma ilə (0-5,2%) nəticələnib.
