
Yasamal rayonu ərazisində yeniyetmələr arasında mübahisə zəminində insidentlə bağlı araşdırma aparılır.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.
Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, bu gün saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: “2011-ci il təvəllüdlü yeniyetmə (kişi) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”.
***
saat 13.45
Bu gün 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib.
Bakı şəhəri üzrə Təhsil idarəsindən Heftelik.az-a verilən xəbərə görə, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.
Qeyd edilib ki, məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib: “Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”.
