Hər bir insanın ömür yolu onun arxada qoyduğu izlərlə, işıqlı xatirələrlə ölçülür. Bir neçə gün əvvəl dünyasını dəyişən Əhməd Aşurovun ömür yolu da məhz zəhmətlə və öz işinə sadiqliklə keçib.
O, uzun illər çalışdığı məsul vəzifələrdə səmərəli fəaliyyəti ilə seçilib, bu sahədəki çoxillik təcrübəsi ilə tanınıb.
Əhməd Mustafa oğlu Aşurov 1960-cı il oktyabrın 28-də Qazax rayonunda anadan olub. O, 1978-ci ildə Qazax şəhər 1 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-Mexanika fakültəsinin axşam şöbəsinə daxil olub.
1978-ci ildə hərbi xidmətə çağırılan Əhməd Aşurov 1985-ci ildə ali təhsilini başa vurub.
Əhməd Aşurovun gənclik illəri həm də maraqlı bir televiziya tarixi ilə yadda qalıb. O, gənc yaşlarında zavodda çalışarkən dövlət televiziyasında ölkənin ilk realiti şou xarakterli layihəsi keçirilirdi. “7 sual, 7 cavab” adlı bu populyar verilişdə Əhməd Aşurovun rəhbərlik etdiyi zavodun işçilərindən ibarət komanda da iştirak edirdi. Həmin komandanın kapitanı olan Əhməd Aşurov öz bilik və bacarığı ilə komandasını qələbəyə daşıyır. Bu qalibiyyət ona o dövrdə böyük rəğbət və populyarlıq qazandırır.
O, əmək fəaliyyəti dövründə Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsində şöbə müdiri, daha sonra Bakı Şəhər İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində işləyib.
Ömrünün sonrakı mərhələsində mədəniyyət və təhsil sahəsinə də öz töhfəsini verən Əhməd müəllim, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində direktor müavini vəzifəsində çalışıb.
Öz işinə sadiqliklə səmərəli fəaliyyət göstərmiş Əhməd Aşurovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Qeyd edək ki, uşaq yaşlarından musiqiyə və incəsənətə maraq göstərən, 5 il tar təhsili alan Əhməd Mustafa oğlu Aşurov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Əməkdar Kollektiv Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurovun atası və ilk müəllimi olub.
Allah rəhmət eləsin!
