Müəyyən risk göstəricilərinə malik istehlak kreditləri verildiyi andan qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdiriləcək. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Son altı ay ərzində vaxtı keçmiş krediti olan şəxslərə verilən kreditlər bu kateqoriyaya daxil ediləcək. Faiz və digər ödənişlərin dövriliyi 90 gündən artıq olan kreditlər də qeyri-qənaətbəxş hesab ediləcək. Borcalanın gəlirləri ilə borc yükü arasında fərq yaşayış minimumundan aşağı olduqda da eyni yanaşma tətbiq ediləcək. BGN əmsalının 45 faizdən yüksək olması əlavə risk amili sayılır. Bununla belə, depozit və ya qiymətli metal təminatlı bəzi kreditlər üçün istisnalar nəzərdə tutulub. Elektrik və hibrid avtomobillər üzrə müəyyən şərtlərə cavab verən kreditlərə də xüsusi yanaşma tətbiq edilir. Bu kreditlər üzrə əlavə sığorta tələbləri müəyyən olunub. Məqsəd istehlak kreditləri portfelində risklərin minimuma endirilməsidir.