Omanın ərazi sularında, Hörmüz boğazının cənubunda “Mombasa” və “Al-Bahiyah” tankerləri İranın qanadlı raketlərinin hücumuna məruz qalıb.

Heftelik.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat paylaşıb.

Paylaşımda vurğulanır ki, hücum nəticəsində “Mombasa” tankerinin bir heyət üzvü – Hindistan vətəndaşı həlak olub. Daha səkkiz nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır. Yaralananlar arasında altı Hindistan vətəndaşı və iki Ukrayna vətəndaşı var.

“Göyərtədə baş verən yanğınlar nəticəsində hər iki tankerə maddi ziyan dəyib. Yanğınlar söndürülüb”, – Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, BƏƏ hadisəyə reaksiya vermək və ərazisini, vətəndaşlarını, sakinlərini və milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.