Hazırda həbsdə olan tanınmış hüquqşunas Yaşar Ağazadənin həyat yoldaşı Aygün İsmayıllı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Heftelik.az müraciəti təqdim edir:
“Hörmətli cənab Prezident!
Həyat yoldaşım Ağazadə Yaşar Vaqif oğlu 6 saylı Cəzaçəkmə Müəssisisəndə cəzasını çəkməkdə davam edir. Lakin yoldaşım 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçən gündən müəssisə rəisi Fariz Əliyevin qərarı əsasında cərimə təcridxanasına salınıb. Müəssisə rəisi bu qərarını heç bir hüquqi əsas və ya intizam pozuntusu olmadan qəbul edib.
Qeyd edək ki, rəis Fariz Əliyev cərimə təcridxanasına keçirilmə barədə qərarını Yaşar Ağazadəyə təqdim etməkdən imtina edib. Bununla da, Yaşar Ağazadə göstərilən qərardan Cəzaların İcrası Məcəlləsinin 109.2-ci maddəsinə əsasən yuxarı orqana və məhkəməyə şikayət vermək hüququndan məhrum edilib.
Bundan başqa, Yaşar Ağazadə ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq hüququndan məhrum edilibdir. Qanunvericiliyə əsasən məhkəmə yeni müəssisəyə köçürüldüyü gün ailə üzvləri ilə telefon əlaqəsi saxlanması üçün şərait yaradılmalıdır.
Bundan başqa, Yaşar Ağazadə 02 iyul 2026-cı ildən bu günədək cərimə təcridxanasına (karsa) salınıb. Artıq 22 gündür həyat yoldaşım Ağazadə Yaşar Vaqif oğlundan heç bir xəbər ala bilmirəm. Onun telefon danışıqları və görüş hüququ məhdudlaşdırılıb. Onu da qeyd edim ki, artıq 22 gündür Yaşar Ağazadə rastlaşdığı haqsızlıqlara görə quru aclıq edir.
Hörmətli cənab Prezident!
21 iyul 2026-cı il tarixdə uşaqlarım ilə birlikdə həyat yoldaşım Yaşar Ağazadə ilə görüşmək üçün 6 saylı Cəzaçəkmə Müəssisəsinə getdik. Lakin, onunla nə görüşə bildik nə də, danışa bildik. Müəssisənin Təhlükəsizlik Xidmətinin rəisi Əli müəllim ilə görüşdük. O, Yaşarın cərimə təcridxanasında olduğunu bildirdi. Bundan əvvəl dəfələrlə 6 saylı Cəzaçəkmə Müəssisəsində olmuşam və Əli müəllim ilə görüşmüşəm. Lakin, Əli müəllim mənə yoldaşımın aclıq etmədiyini bildirib və Yaşarın yaxşı olduğunu qeyd edib. Amma 20 iyul 2026-cı il tarixdə Yaşar Ağazadə vəkili ilə görüşüb və bütün bu məlumatların yalan olduğu ortaya çıxıb. Yaşar Ağazadənin artıq 20 gündü karsda olduğu və quru aclıq etdiyi doğrulanıb. Lakin, onun aclıq etməsi ilə bağlı müəssisə rəhbərliyi və ya cavabdeh olan şəxslər onu müəssisənin qeyd dəftərində qeyd etməyib və həkim nəzarətinə götürməyiblər. Bütün olanlar barədə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Penitensiar Xidmətin qaynar xəttinə məlumat vermişəm.
Bundan başqa, dəfələrlə 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi cənab Fariz Əliyevlə görüşməyə çalışmışam. Lakin, cənab Fariz Əliyev məni qəbul etməkdən imtina edib. Onu da, qeyd edim ki, həftə içi 4 gün cənab Fariz Əliyevin vətəndaşlar ilə qəbul günüdür. Bu barədə 6 saylı Çəzaçəkmə Müəssisəsinin giriş hissəsində qeyd olunub.
Hörmətli cənab Prezident!
Həyat yoldaşımın həyat və sağlamlığı təhlükədədir. Sizdən bir Azərbacan vətəndaş olaraq xahiş edirəm ki, tabeliyinizdə olan əməkdaşlardan Ağazadə Yaşar Vaqif oluna yerində başçəkməyə göndərəsiniz.
Bütün bu olanlarla bağlı Penitensiar Xidmət rəisi cənab Mirsaleh Seyidovun xəbəri var. Mən özüm şəxsən 09 iyul 2026-cı ildə Penitensiar Xidmət rəisi cənab Mirsaleh Seyidovun qəbulunda olmuşam və bütün olanları ona şəxsən özüm demişəm. Amma qəbuldan 2 həftə keçməsinə baxmayaraq yoldaşım hələ də, cərimə təcridxanasındadır və quru aclığı da, davam edir.
6 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə təcridxanası və Yaşar Ağazadənin saxlanıldığı kamera cərimə təcridxanası və kameralar üçün müəyyən edilmiş standartlara cavab vermir. Kameralarda həyat davam etmək mövcud deyil, oradakı bütün əşyaların istismar müddəti bitib, havalandırma və təbii işıqlandırma mövcud deyil, kamerada antisanitariya vəziyyəti hökm sürür, kameranın döşəməsi tamamilə rütbətlidir, kamerada yaşayış sahəsi cəzaların icrası məcəlləsinə nəzərdə tutulan 4 kvm. normasına uyğun deyil, kameralarda yataq yerinin sayından artıq məhkum saxlanıldığı üçün məhkumların yerdən yatması halları mövcuddur. Eyni hal 6 saylı Cəzaçəkmə Müəssisəsinin yataqxanalarında da, geniş vüsət alıb. Cərimə təcridxanasına və kameralara baxış keçirilməsi və şəraitin normativlərə cavab verməsi barədə aidiyyəti təşkilatların, o cümlədən Ombudsman Aparatı və Penitensiar Xidmətin baxış aktı mövcud deyil.
Bundan başqa müəssisədə məhkumların qidalanma səviyyəsi aşağıdır və Nazirlər Kabinetinin qərarında əks olunmuş normalara uyğun deyil. Yeməklər olduqca keyfiyyətsiz formada bişirilir. Yemək bişirilməsi üçün istifadə edən ətin və yağın mənşəyi məlum deyil. Ərzaqlar üzərində Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri təmin edilməyib vəərzaq məhsullarının keyfiyyət sertifikatı mövcud deyil. Ərzaq anbarında antisanitar vəziyyət hökm sürür.
Müəssisə əməkdaşlarının məhkumlarla davranışı olduqca sərtdir. Müəssisəyə yeni daxil olan və cərimə təcridxanasında saxlanılan məhkumların döyülməsi halları geniş yayılıb. Axtarış-baxış ləyaqəti alçaldan formada həyata keçirilir.
Hörmətli cənab Prezident!
Tabeliyinizdə olan cavabdeh şəxslərə Ədliyyə Naziri cənab Fərid Əhmədovu, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevanı, Penitensiar Xidmətin rəisi cənab Mirsaleh Seyidovu və aidiyyəti digər şəxsləri Çərimə Təcridxanasında Yaşar Ağazadəyə yerində baxış keçirməyə göstəriş verməyinizi Sizdən xahiş edirəm!
Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm!”.



Hüquqşunas Yaşar Ağazadənin həyat yoldaşı ombudsman və Penitensiar Xidmətin rəisinə müraciət edib
