Türkiyənin qadınlardan ibarət milli voleybol komandası 2026 FIVB Millətlər Liqasının (VNL) finalında Braziliyanı 3-1 məğlub edərək tarixində ikinci dəfə çempion olub.

Heftelik.az xəbər verir ki, Çinin Makao Xüsusi İnzibati Bölgəsindəki Şərqi Asiya Oyunları İdman Kompleksində (East Asian Games Dome) keçirilən qarşılaşmada ay-ulduzlu komanda finalda dünya ikincisi Braziliya ilə üz-üzə gəlib.

Braziliya qarşısında 23-25, 25-23, 26-24 və 25-21-lik setlərlə mübarizəni 3-1 qazanan Türkiyə millisi 2023-cü ildən sonra bir daha çempion olub. Beləliklə, Türkiyə 2018-ci ildən bəri təşkil olunan VNL-də ardıcıl 8-ci dəfə iştirak etdiyi finallarda ikinci dəfə çempionluğa yüksəlib.

VNL-də 2023-cü ildə finalda Çini məğlub edərək çempion olan Türkiyənin qadın voleybolçuları 2018-ci ildə isə finalda ABŞ-a məğlub olaraq turniri gümüş medalla başa vurmuşdu.

Üç il sonra yenidən final oynayan ay-ulduzlu komanda, bu qələbə ilə turnirdəki medal sayını 4-ə çatdırıb. Türkiyə 2 qızıl, 1 gümüş və 1 bürünc medalla VNL tarixinin ən uğurlu komandalarından biri olaraq diqqət çəkir.

Braziliya ilə oyunu 33 xalla tamamlayan Türkiyə millisinin üzvü  Melissa Varqas finallarda göstərdiyi performansa görə “ən dəyərli oyunçu” (MVP) seçilib.