İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesinin yaxın vaxtlarda İran parlamentində həyata keçiriləcəyini bildirib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, Bəqai həftəlik mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandırarkən deyib ki, sənəd imzalanıb, onun hüquqi, siyasi və digər aspektləri üzrə araşdırmalar aparılıb.
Onun sözlərinə görə, Konvensiya iyulun 22-də İran hökuməti tərəfindən təsdiqlənərək parlamentə təqdim olunub və yaxın vaxtlarda parlamentdə ratifikasiya mərhələsindən keçməsi nəzərdə tutulur.
XİN sözçüsü vurğulayıb ki, İran beynəlxalq sənədlərə qoşularkən bütün aspektləri nəzərə alaraq diqqətlə qərar verir və bu proses sözügedən Konvensiya ilə bağlı da həyata keçirilib.
Bəqai qeyd edib ki, sənədin parlament tərəfindən təsdiqlənməsi Xəzəryanı dövlətlər arasında əməkdaşlığın inkişafına və regiondan kənar qüvvələrin bu su hövzəsindən mümkün sui-istifadəsinin qarşısının alınmasına kömək edəcək.
O əlavə edib ki, İran ictimaiyyətində narahatlıq doğuran bəzi məsələlər bu Konvensiyada əksini tapmayıb. Bəqainin sözlərinə görə, başlanğıc xətti məsələsi ayrıca bir konvensiya çərçivəsində müzakirə olunacaq.
