Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, məhkəmə iş üzrə zərərçəkən qismində tanınanların nümayəndələrinin ifadəsi ilə davam edib.
“Azərlotereya”nın bölmə müdiri E.F bildirib ki, 2022-ci ildən təmsil etdiyi qurumla bağlı “Hüriyyət Tv”də həqiqətə uyğun olmayan məlumatlar gedib:
“Bu paylaşımlar başqa saytlarda da gedirdi. Bu da bizim işgüzar nüfuzumuza zərbə vururdu. Buna görə də biz Hürriyət TV ilə müqavilə bağlamaq məcburiyyətində qaldıq. O müqavilə bağlanmasaydı, haqqımızda böhtan xarakterli yazılar getməyə davam edəcəkdi. Dövlətdən maliyyələşib dövlətin qurumları ilə bağlı nə gəldi yazırdılar. Şikayətimizi birbaşa DTX-ya etdik”.
“Azərsun” Holding-in hüquqşünası N.N bildirib ki, 2025-ci ilin yanvarında Holdinqin rəhbəri vəfat edəndən sonra “Hürriyyət”də onlar barəsində rüsvayedici yazılar daha da çoxalmağa başlayıb:
“Daha əvvəllər də şirkətlə bağlı həqiqətə uyğun olmayan yazılar gedirdi. İctimaiyyətlə Əlaqələr Şöbəmiz “Hüriyyət”lə əlaqə saxladıqda dedilər ki, bir il ərzində hər ay 600 manat reklam haqqı ödəyək. Bu məbləğin çox olduğunu dedik və 400 manata razılaşdıq. Ondan sonra haqqımızda gedən mənfi yazılar dayandırıldı”.
Daha sonra müdafiə tərəfinin vəkili məhkəməyə vəsatət verərək, təqsirləndirilən şəxs Vüqar Məmmədovun səhhətinin nəzərə alınaraq ev dustaqlığına buraxılmasını istəyib.
Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını bildirib. Növbəti proses 14 oktyabr saat 10:00-a təyin olunub.
Xatırladaq ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
