Hərbi-həkim komissiyasının rəyi hərbi qulluqçunun başqa vəzifəyə və ya xidmət yerinə keçirilməsi üçün əsaslardan biri hesab olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Səhhətinə görə uçuşa, gəmilərdə və xüsusi qurğularda xidmətə yararsız hesab edilən, lakin hərbi xidmətə yararlı olan şəxslər uyğun vəzifələrə təyin edilirlər. Hərbi qulluqçunun özünün və ya ailə üzvlərinin səhhəti xidmət yerinin dəyişdirilməsini tələb etdikdə bu məsələ raport və hərbi-həkim komissiyasının rəyi əsasında həll olunur. Vakant vəzifənin təcili tutulması zərurəti olduqda isə hərbi qulluqçunun həmin vəzifəni müvəqqəti icra etməsinə müəyyən edilmiş qaydada icazə verilə bilər.
