Şimali Kiprdə batan gəmidə 4 Azərbaycan vətəndaşı olub.
Heftelik.az xəbər verir ki, bu barədə APA-nın Türkiyə bürosuna Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu məlumat verib.
Orhan Həsənoğlu bildirib ki, iki sərnişin və ekipaj üzvlərindən ikisi azərbaycanlı olub, onlar xilas edilib.
Azərbaycan vətəndaşı olan iki sərnişinə xəstəxanada ambulator yardım göstərilib və onlar evə buraxılıblar.
Gəmi ekipajının üzvləri olan iki vətəndaşımız — Valeh Hümmətov və Rəşad İbrahimov da ilkin tibbi müdaxilədən sonra xəstəxanadan buraxılıblar. Onların da vəziyyəti yaxşıdır.
Qeyd edək ki, bu gün Şimali Kipr sahillərində göyərtəsində 267 sərnişinin olduğu gəmi batıb. İndiyə qədər 242 nəfər xilas edilib, 8 nəfər ölüb. 17 nəfərin axtarışı davam etdirilir.
Orhan Həsənoğlu bildirib ki, hazırda axtarışı aparılan 17 nəfər arasında Azərbaycan vətəndaşı yoxdur.
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batdı
