Xəbər verdiyimiz kimi, 41 yaşlı Osman İsmayıl oğlu Xaliyev İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.
Heftelik.az xəbər verir ki, O.Xaliyev 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib.
2012-2014-cü illərdə ABŞ-nin Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb. O. Xaliyev 2010-2012-ci illərdə “Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis olaraq fəaliyyət göstərib.
2014-2015-ci illərdə ABŞ-nin Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb. 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.
O.Xaliyev 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri, 2021-ci ilin iyun ayının 1-dən isə sədrin müavini vəzifəsini icra edib. 2022-ci il noyabrın 15-də Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Ailəlidir, 1 övladı var.
